Oxucu sual verir: Adamlara “hacı”, “kərbəlayı”, “məşədi” ləqəbləri ilə müraciət etmək yanlışdırmı?
Bunu adətən radikal cərəyanların ardıcılları günah sayırlar. Doğrudur, Peyğəmbərin (s) və imamların (ə) zamanında insanlara bu ləqəblərlə müraciət edilməsi barədə məlumatlar yoxdur. Amma bu cür məlumatların olmaması heç də bu işin günah olduğunu sübut etməz. Çünki hər hansı əməlin günah ya bidət olmasını bilmək üçün onu qəti və möhkəm dini məlumatlarla müqayisə edib, onlara zidd olub-olmamasını öyrənmək lazımdır. Bir əməl yalnız o zaman bidət sayılar ki, həmin mövzuda mövcud Quran ayəsinə və ya məsumların sünnəsinə zidd olsun. Əgər o mövzuda qəti nəss (ayə ya hədis) yoxdursa, hər hansı fikir sağlam məntiqə və qəti dini dəlillərə zidd deyilsə, onun haramlığını iddia etmək düzgün deyil. Dini ziyarətgahlara getmiş şəxsləri ləqəblərlə adlandırmaq hörmət mənasını daşıyarsa, günah deyil. Böyük din alimlərinin davranışı və əsrlər boyunca müsəlman ümmətinin ənənəsi bunu sübut edir. Amma əgər bu ləqəblər fəxr etmək, özünü başqalarından üstün tutmaq, hər hansı maddi fayda qazanmaq məqqədi ilə istifadə olunursa, bəyənilmir.