Vəkil Anar Qasımov Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında Azərbaycan İslam Partiyasının (AİP) sədri Hacı Mövsüm Səmədov və onun əmisi oğlu Dəyanət Səmədovla görüşüb.
A. Qasımov APA-ya bildirib ki, müdafiə etdiyi şəxslərin səhhətində problem və bədənlərində işgəncə əlamətləri yoxdur: "Mövsüm Səmədova qarşı ittiham irəli sürülməyib. O, yalnız inzibati cəza maddəsi ilə 13 gün müddətinə inzibati qaydada həbs edilib. Lakin nədənsə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin müvəqqəti saxlanma təcridxanasında saxlanılır. Dəyanət Səmədov barəsində isə Cinayət Məcəlləsinin 228.1 maddəsi ilə (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) 2 ay müddətinə həbs-qətimkan tədbiri seçilib".
Vəkil yanvarın 14-də hər iki şəxslə bağlı Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verəcək.
Qeyd edək ki, AİP sədri Mövsüm Mərdan oğlu Səmədov və onun əmisi oğlu Dəyanət Ələsgər oğlu Səmədov yanvarın 7-də polisin qanuni tələblərinə tabe olmamaq ittihamı ilə Nərimanov rayon Məhkəməsinin qərarı ilə saxlanılıb.