Hələ fevral ayının 24-də bir qrup Buzovna sakini mətbuat konfransı keçirərək, minlərlə insanın inam yeri olan Həzrəti Əli Qədəmgahı adlanan qədim ziyarətgahın qarşısında əyləncə mərkəzinin tikilməsinə öz etirazlarını bildirmişdilər. Bu kiçik mətbuat konfransından bir neçə gün sonra dövlət başçısı baş verən hadisəni pisləmiş, ziyarətgah ətrafında əyləncə mərkəzinin tikintisinin yolverilməz olduğunu bildirmişdi.
Amma deyəsən, buzovnalıların ziyarətgah problemləri hələ öz həllini tam şəkildə tapmayıb. Dünən kəndin icma nümayəndələri bununla bağlı mətbuat konfransı keçiriblər. Kənd sakini İntiqam Əliyev bildirib ki, prezidentin göstərişindən sonra ziyarətgahın qarşısındakı hasar sökülüb və həmin ərazini otel tikmək üçün "Maqnium A" şirkətinə satan bələdiyyə sədri Rahib Rzayev haqqında cinayət işi açılıb. Onun sözlərinə görə, buna baxmayaraq, R.Rzayev bələdiyyənin işlərinə müdaxilə edir və satdığı ərazinin tikintisinə çalışır.
"O, tikintiyə etiraz edən adamlara bir- bir zəng edib, həmin şəxsləri hədələyir və tələb edir ki, öz iddialarından əl çəksinlər. Mənim özümə də müxtəlif təzyiqlər olur. Dünən 4 saat polis idarəsində qalmışam. Bu gün də məni çağırıb müxtəlif təkliflər edir, hədə-qorxu gəlirdilər. Rahib Rzayev və kənd icra nümayəndəsi Balami Cəmilzadə yuxarı instansiyalara mənim müxalifətçi olmağım barədə məlumat verir və bununla da özlərinin itirilmiş etimadlarını qazanmaq istəyirlər. Yəqin ki, məqsədləri torpaq alverlərini yenidən bərpa etməkdir".
Buzovna kənd icmasının rəhbəri Böyükağa Qədirov da kənd bələdiyyəsinin və icra nümayəndəsinin özbaşnalıqlarından, onların heç bir qayda-qanunlara əməl etmədiklərindən danışıb. Onun sözlərinə görə, R.Rzayev və B.Camalzadə birlikdə təkcə dəniz kənarında 300 min hektar torpağı qanunsuz olaraq satıblar. "Bütölükdə düz ləpədöyəndən hasarlar çəkilib. Buzovnalılar Buzovna çimərliklərinə həsrət qalıblar. Vaxtilə Heydər Əliyevin özü kənd camaatı ilə burada görüşlər keçirir, həmin ərazilərin qorunmasını tələb edirdi". Qeyd edək ki, elə mərhum eks-prezidentin özünün verdiyi sərəncama görə, dəniz kənarından 130 metr ərazidəki bütün tikililər sökülməliydi. Sakinlərin dediklərindən isə məlum olur ki, nəinki tikilənlər sökülür, hətta həmin zolaqda yeni bağlar salınır. Özü də lap dənizin dibində.
Mətbuat konfransında iştirak edən digər Buzovna sakinləri də torpaqların satılmasından, onlara olan təzyiqlərdən narahatçılıqlarını bildiriblər: "Torpaqlarımız sürətlə satılır. Biz heç bir söz deyə bilmirik. Həmin dəqiqə bələdiyyə sədri və ya icra nümayəndəsi hansısa nazirin adını çəkib həmin torpaqların ona məxsusluğunu bildirirlər. Biz inanırıq ki, yuxarılara etdiyimiz müraciətlər öz ünvanına yetişmir. Belə olmasaydı, prezidentin tapşırığından sonra yenidən fəaliyyətə başlamazdılar". Sakinləri ən çox narahat edən ziyarətgahın ətrafında yenidən tikinti işlərinin başlanması haqqında gəzən söz-söhbətlərdir: "İş o yerə çatıb ki, ibadət etdiyimiz yerin qabağında diskoteka tikmək istəyirlər".