Oxucu sual verir: Müqərrəbun (yaxın) mələklər hansılardır?
Quranın əksər ayələrində mələklərdən ümumi şəkildə, heç bir fərq qoyulmadan söhbət açılsa da, bəzi ayələrdə “müqərrəbun (yaxın) mələklər” deyə seçki edilir (Nisa, 172; Mütəffifin surəsinin 21-ci ayəsini də mələklərə aid edirlər). İslam.az-ın məlumatına görə, müqərrəbun mələklərin hansılar olduğu Quranda konkret göstərilmir. Bəzi təfsirçilər müqərrəbun mələklərin dörd böyük mələkdən – Cəbrail, Mikail, İsrafil və Əzraildən (ə), həmçinin, ərşi daşıyan mələklərdən ibarət olduğunu bildirir. Dörd mələyin hər birinin özünəməxsus vəzifəsi vardır. Məsələn, Cəbrail peyğəmbərlərə Allahın vəhyini çatdırır. Mikail Allahın əmri ilə kainatda baş verən bəzi prosesləri həyata keçirir. (Məsələn, bəzi insanların ruzisini çatdırır, möminlərə döyüşdə kömək edir, təbiət hadisələrini - yağış, zəlzələ və s. həyata keçirir). İsrafilin vəzifəsi dünyanın sonunda Allahın əmri ilə əlindəki şeypura üfürüb, qiyamətin başlandığını xəbər verməkdir. Əzrail isə Allahın təyin etdiyi vaxt əcəli çatmış insanların canını almaq vəzifəsini daşıyır.