Oxucus sual verir: Allahın sübutiyyə sifətləri nədir və hansılardır?
İslam əqaidində Allahın sifətləri (xüsusiyyətləri) əsasən sübutiyyə və səlbiyyə adlı təsnifata əsasən iki hissəyə bölünür. Sübutiyyə sifətləri Allahın elə sifətləridir ki, onların Allahda olması vacibdir. Allah sübutiyyə sifətlərsiz mövcud ola bilməz. Bunlar səlbiyyə sifətlərinin ziddidir. Sübutiyyə sifətlərinin sayı və adı barədə istər şiə və sünni məzhəbləri arasında, istərsə də, eyni məzhəbin daxilində bəzi fərqlər mövcuddur. Geniş qəbul edilmiş təsnifata əsasən, Allahın əsas sübutiyyə sifətləri bunlardan ibarətdir:
1. Allah diridir (həyat).
2. Allah yaradıcıdır və qadirdir (təkvin və qüdrət).
Allah-təala lazım bildiyi hər şeyi gözəl biçimdə, kamil şəkildə, öz miqdarında, nızam-intizamla yaradıb. O, insanın ağlına gələn və gəlməyən, insanın bacardığı və bacarmadığı, asan və çətin, böyük və kiçik işlərin hamisına qadirdir.
3. Allah hər şeyi bilir (elm).
Özü də Allah öz elmini heç yerdən və heç kimdən öyrənməyib.
4. Allah iradə sahibidir (mürid).
Allah hər hansı bir şeyi yaratmaq istəyirsə, bunu iradə edir və həmin şey yaranır.
5. Allah danışandır (kəlam).
Allah bəzi peyğəmbərlərlə danışıb. Amma insandan fərqli olaraq, Allah sözləri ağız, dil, dodaq vasitəsilə tələffüz etmir, çünki Allah cism deyil və bədənə ehtiyacı yoxdur. O, sözlərin yaranmasını iradə edir.
6. Allah doğruculdur (sadiq).
Allah heç zaman yalan söyləməyib, çünki yalançılıq Onun kamilliyinə ziddir.
7. Allah hər şeyi eşidən və görəndir (səmi və bəsir).
Allah gözsüz görən, qulaqsız eşidəndir.
8. Allah ədalətlidir (ədalət).