Oxucu sual verir: Niyə rus kilsələrinin bir çoxunun günbəzində xaçın altında aypara fiquru olur?
Bunun iki fərqli izahı mövcuddur. Birinci izaha görə, aypara fiquru heç də çoxlarının düşündüyü kimi yalnız İslamın simvolu deyil. Keçmiş dinlərdə də bu fiqur müəyyən mənalara malik olub. Məsələn, qədim Misir və Şumerdə, eləcə də hinduizmdə Ay tanrıları vardı və onların simvolu məhz aypara hesab olunurdu. Bəzi məlumatlara görə, ilkin xristianlıqda da aypara Həzrət Məryəmin simvolu kimi qəbul edilirmiş. Beləliklə, xaçın altındakı aypara – Həzrət İsanın (ə) çəkildiyi çarmıxın altında durmuş Məryəm ana kimi izah oluna bilər.
İkinci nəzəriyyəyə görə, bu simvol kilsələrə 1480-i ildə əlavə edilib. Həmin il rus çarı III İvan 250 illik monqol-tatar işğalına son qoymuşdu. O zaman monqollar artıq İslam dinini qəbul etmişdilər. Bu izaha görə kilsə günbəzinin başındakı xaçın altında yerləşən aypara fiquru xristian rusların müsəlman monqol-tatarlar üzərində qələbəsini ifadə edirdi.