Oxucu sual verir: “Ərəfə” sözünün mənası nədir?
Ərəfə - terminoloji mənada zilhiccə ayının 9-cu gününün, yəni Qurban bayramı axşamının adıdır. Bu günün adı Ərəfat məkanının adı ilə eyni kökdən götürülüb və ərəb dilində “tanımaq, bilmək” mənasını verir. Ərəfat həcc əməllərinin yerinə yetirildiyi məkanlardan biridir. Hacılar zilhiccə ayının 9-da günortadan məğrib anına kimi Ərəfatda qalmalıdırlar. Ərəfatda qalmaq (vəqfə etmək) həccin vacib əməllərindəndir.
Rəvayətə görə, Həzrət Adəm Peyğəmbərlə (ə) Həvva cənnətdən qovulduqdan sonra bir-birini axtararaq xeyli gəzib-dolaşmış və nəhayət, Ərəfatda görüşmüşdülər. Başqa bir rəvayətə görə, mələk Cəbrail Həzrət İbrahim Peyğəmbərə (ə) həcc əməllərini burada başa salmış və İbrahim Peyğəmbər (ə) “bildim, anladım” deyə cavab vermişdi. Hər iki varianta uyğun olaraq, “Ərəfat” və “ərəfə” sözləri “bilmək, tanımaq” kökündən qaynaqlanır.