Yay çox quraqlıq keçirdi. Kəndin camaatı məhsulun zay olacağından çox narahat idi. Cümə namazından sonra onlar məscidin axunduna müraciət etdilər:
- Nəsə etməliyik, yoxsa balalarımız ac qalacaq!
Axundun cavabı belə oldu:
- Tam ixlasla dua edin, Allahdan yağış istəyin. Amma inam olmalıdı. İnam olmasa – dua heç dua deyil. Rəbbimiz duaları eşidəndir, Onun üçün mümkünsüz heç nə yoxdur! Siz istəyin! O da verər!
Növbəti həftə ərzində kənd camaatı yığışıb hər gün hacət namazı qılır, Allahdan yağış istəyirdilər. Cümə günü isə yenə axundun yanına gəldilər:
- Biz dua etdik, namaz qıldıq, amma yağış yağmadı!
- Sizin dualarınızda inam var idi?
Hamı bir ağızdan duanı tam inamla etdiklərini bildirdilər. Amma axund onlara inanmadı:
- Siz dua etsəniz də, Allahın qüdrətini anlamırsınız, sanki inamsız söz danışırsınız. Çünki dualarınızın qəbul olmasına inamınız olsaydı, heç olmasa birinizin əlində çətir olardı...