"O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir!" (Ənam, 102).
Allahın tərifi
Sən bizi palçıqdan, gildən yaratdın.
Can ilə, ruh verib dünyaya atdın.
Elə bir dünyaya atdın ki, bizi,
Heç əksik etmədin bərəkət, ruzi.
Min cür nemətləri yaratdın bizə,
Naşükür olmarıq qismətimizə.
Yaradılan bizik, Yaradan Sənsən,
Səndən başqasına baş əyməz bəndən.
Sənə səcdə edər dünyada hər kəs,
Səndən başqasına sığına bilməz.
Kainat yaratdın ucsuz-bucaqsız,
Göydə ulduzları saysız-hesabsız.
Günəşi yaratdın işıq üçün sən,
Çünki, işıqlıqda işləyər bəndən.
Ay doğar, dünyaya qaranlıq çökər,
Yorulmuş bədənlər bir az dincələr.
Heç nədir əlində bütün bu işlər,
Bir dəfə deməklə yerinə yetər.
Nə qədər gizləsə sirrini insan,
Hər kəsə pünhandır. Sənəsə əyan.
Bütün kainata nur saçan da Sən.
Bağlı qapıları tək açan da Sən.
Səndən icazəsiz düşməz bir yarpaq,
Sənin kərəminə möhtacdır ancaq.
Arılar durmadan mədh edər "Allah",
Göstərdiyin yolla düz gedər, Allah!
Qaranlıq gecədə palçıqda gəzən,
Qarışqanı yalnız görən tək Sənsən.
Bütün elmlərin Sənsən açarı,
Milyonda birini bilsəydik barı.
Göydə də, yerdə də nişanələr var,
İbrət alınası dəlildir onlar.
Bu gün kəşf edilən hər yeni bir sirr,
Qurani-Kərimdə aşkar deyilir.
Bunlar heyran edir hər bir insanı,
Imana gətirir kafir olanı.
Sən nə doğulmuşsan,nə də doğansan,
Hər kəsin tövbəsin bağışlayansan.
Mahmudsan, Kərimsən, Rəhmansan, Allah!
Ayətu’l-Kursisən, Sübhansan, Allah!
Vahidsən, hər şeyi Sən cüt yaratdın,
Hər nə yaratdınsa böyük yaratdın.
Sənin istəyinlə ucalarıq biz,
Doğulub həyata, qocalarıq biz.
Bizlərə can verib, can alan da Sən,
Canları rahat al, can alanda Sən.
Xəstələr adını çəksə bir dəfə,
Min bir şəfa tapar Səndən hər dəfə.
Mərhəmət edərsən hər bir insana,
Nurundan verərsən haqda olana.
Sənə dua edər mələk, pərilər,
Adın dillərində olmuşdur əzbər.
Kafir, müşriklərdən etmə bizləri,
Eşit, qəbul eylə sözlərimizi.
Sənsən ümid yeri, güman yerimiz,
Son duraq yerimiz, məkan yerimiz.
Sənə olan eşqi söz deyə bilməz,
Onun bu təsvirə qüdrəti yetməz.
Allahın adıyla başladım əsər,
Ya Rəbbim sən özün köməklik göstər.
Tanışlar yanında qırma Habili,
Qoyma ürəyində qalsın diləyi.
QƏZƏL
Sən dəxi candan da yaxınsan bizə,
Damarda qandan da yaxınsan bizə.
Kainatı yoxluqdan var eyləyən,
Günəşdən, aydan da yaxınsan bizə.
Gözümüzə işıq verən, nur verən,
Gözlərə nurdan da yaxınsan bizə.
Biz nə qədər zirvəyə çatsaq yenə,
Şöhrəti-şandan da yaxınsan bizə.
Istəyəndə bir anda məhv edərsən,
Zamandan, andan da yaxınsan bizə.
Eşqin ilə alovlanır könüllər,
Qəlblərə ondan da yaxınsan bizə.
Rəhmətindən uzaq qılma Habili,
Qohumdan, dostdan da yaxınsan bizə.
Qurani-Kərimdəki peyğəmbərlərin adlarının şeirdə qafiyələnməsi
De ki: "Əgər insanlar və cinlər bir yerə yığışıb bu Qurana bənzər bir şey gətirmək üçün bir-birinə kömək etsələr, yenə də ona bənzərini gətirə bilməzlər" (İsra, 88).
Qurani-Kərimdə bu nəbilərin,
Adları verilib bilərsiz yəqin.
Bütün deyəcəyim peyğəmbərlər var,
Mənim bu şeirimdə qafiyə qurar.
Adəm, Davud, Süleyman, Harun, Musa,
Lut, İbrahim, İsmayil, İshaq, İsa,
Zəkəriyyə, İdris, Salih, Hud, Yaqub,
Zülqifl, Yunus, Şueyb, Nuh, Əyyub,
Əlyəşa, Yəhya, Yusif, bir də İlyas,
Onlar müqəddəsdir heç unudulmaz,
Nəhayət sonuncu İslam banisi,
Həzrəti Muhəmməd tanrı elçisi.
Dediyim bütün bu nəbilər ki, var,
Allaha ən yaxın sayılır onlar.
MÜQƏDDƏS KİTABLAR
Dörd səma kitabı verildi vəhylə,
Onların bənzəri olmamış hələ.
Müqəddəs Tövratı qazandı Musa,
Gözəl İncilisə Həzrəti İsa.
Səma kitabından Zəbur ki, vardır,
Həzrəti Davuddan bir yadigardır.
Nəhayət sonuncu müqəddəs Quran,
Ulu Muhəmmədə verilmiş bəyan.
Necə də xoşbəxtdir bu kitablardan,
Oxuyub nəticə çıxaran insan.
SÖZÜN TƏRİFİ
Sözsüz yaransaydı adəm dünyada,
Ağac tək daş kimi olardı o da.
Əgər olmasaydı insanın sözü,
Bir-birinə baxıb qalardı gözü.
Nə bir şey anlardı insanlar sözsüz,
Sanki gözləri yox görməyir gözsüz.
Qiymətin uca tut sözün hər zaman,
Onsuz nə eylərdi cahanda insan.
Sözdür kainatın ən birincisi,
Bütün yaranmışın ən birincisi.
Söz var şəfa verər, söyləsən əgər,
Söz var ki, zəhərdən o daha betər.
Acı söz qılıncdan kəsərlidir, bil,
O qəlbdən getməyir, yaşayır hər il.
Məclisdə mənalı sözlər söylə sən,
Çalış mənasız söz işlətməyəsən.
Boşboğazlıq edib çoxlu danışsan,
Tapılar nitqində o qədər nöqsan.
Unutma, nə qədər natiqlər ki, var,
Az söyləmək ilə şərəf tapdılar.
Əvvəl fikirləşib, sonra de ki, sən,
Sözünlə bir bəla törətməyəsən.
Sözdən yaranıbdır nə qədər bəla,
Ağzından çıxdısa qayıtmaz dala.
O qədər böyükdür sözün qüdrəti,
Heyran eləyibdir bəşəriyyəti,
Ya Allah, Habilə ver söz bolluğu,
Qoy ondan çəkməyim bir an korluğu.
ŞAİRLİK HAQQINDA
Yazıb-yaratmağı sanma sən asan,
Gecə də, gündüz də çalışır insan.
Bəzən bir misranı fikirləşərkən,
Nə qədər tər töküb, can əridirsən.
Günəş tək nur saçır şair zülmətə,
Töhfəsini verir bəşəriyyətə.
Nadir bir incisə gözəl şeirlər,
Onu yaradansa ölməz şairlər.
Belə inciləri yaradan insan,
Dağ kimi zirvədə durur hər zaman.
Ancaq elələri vardır cahanda,
Fikrinə nə gəlir, yazır yazanda.
Baxsan əsərləri böyükdür, amma,
Oxusan tapmazsan əsla bir məna.
Belə şairləri sevən harda var,
Özlərin biabır edəndir onlar.
Şair peyğəmbərdən sonra yer tutur,
Təəssüf çoxları bunu unudur.
Unudub şairlik istedadını,
Boş yerə sərf edir o öz vaxtını.
Bacarığın yoxsa, at bu işi sən,
Yoxsa öz ömrünü puç edəcəksən.
Yazdığın əsərlər cızma-qaradır,
Düşün onun kimə bir xeyri vardır.
Yazanda mənasız sözdən uzaq ol,
Yaxşı yazarsansa gözdən uzaq ol.
Bir şey tapılmazsa ürək oxşayan,
Yorulub atacaq mütləq oxuyan.
Habil, hələ gəncsən, yaz, yarat ki, sən,
Inşallah, bəhrəsin bir gün görərsən.
ƏSƏRİN YAZILMASININ SƏBƏBİ
Doxsan beş, on aprel birinci dəfə,
Məscidə yollanıb, başladım hərfə.
Üç aya öyrənib, Qurana keçdim,
Həyatda özümə düz yolu seçdim.
Sonrasa başladım namaz qılmağa,
Dualar eyləyib mən yalvarmağa.
Oxuyub çoxluca dini kitablar,
Müqəddəs İslamdan oldum xəbərdar.
Bir də ki, "Peyğəmbər" filminə baxdım,
Ondan da böyük bir ilhamı aldım.
Günlər, aylar keçdi, üç il oldu tam,
Qəlbim söyləyirdi elə durmadan.
Ey, nədən durmusan, ulu insana,
Bacardığın qədər əsər yazsana.
Deyirsən sevirəm, bir göstər bunu,
Göstər ki, sən necə sevirsən onu.
"Bəli, yazacağam", - dedim bir səhər,
O gündə başladım yazmağa əsər.
Gecələr yuxuma haram da qatdım,
İnan ki, ikidə, üçdə də yatdım.
Ürəyim deyirdi: "Eybi yox, gec yat,
Ancaq sən çox gözəl bir əsər yarat".
Bax budur əsəri yazmaq səbəbi,
Etdim məsnəviyə olan tələbi.
Habil YAŞAR