Türkiyə-Suriya sərhədinin Qaziantep bölgəsində yerləşən Karkamış antik şəhərinin minalardan təmizlənmiş ərazisi 2011-ci il yanvarın 18-də hökumətə təhvil veriləcək.
Bu barədə APA-ya Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) əməliyyatlar üzrə baş mütəxəssisi Adil Aslanov məlumat verib.
A. Aslanovun sözlərinə görə, artıq ərazidə minatəmizləmə aparan "Nokta Yatırım və İnşaat" şirkəti işləri başa çatdırıb. Hazırda ANAMA-nın mütəxəssisləri tərəfindən təmizlənmiş ərazilərdə xarici keyfiyyət yoxlamaları aparılır. Yoxlamalar başa çatdırıldıqdan sonra yerli hakimiyyətə ərazinin təmiz olması barədə sertifikat təqdim olunacaq.
Qeyd edək ki, "Nokta Yatırım və İnşaat" şirkəti-ANAMA konsorsiumu 680 min kvadratmetr ərazinin minalardan təmizlənməsi ilə bağlı keçirilən tenderi 2010-cu ilin əvvəlində udub. Karkamış tarixi əhəmiyyətli yer olduğundan minatəmizləmə əsasən əllə aparılıb. Əraziyə minalar 1957-ci ildə basdırılıb, minalama işləri sonralar dəfələrlə təkrarlanıb