Oxucu sual verir: Gündəlik namazların səsli ya səssiz qılınmasında kişilərlə qadınlar arasında hansı fərq var?
Kişilər sübh namazının hər iki rükətində, məğrib və işa namazlarının birinci və ikinci rükətlərində qiraəti (Fatihə və surəni) ucadan oxumalıdırlar. İslam.az-ın məlumatına əsasən, zöhr və əsr namazlarının bütün rükətlərində, məğrib namazının üçüncü rükətində, işa namazının üçüncü və dördüncü rükətlərində isə qiraəti astadan söyləməlidirlər. Ucadan oxumağa “cəhr”, astadan oxumağa isə “ixfa” deyilir. Cəhrin ölçüsü budur ki, adamın yanında durmuş başqa bir şəxs onun nə dediyini eşitmiş olsun. İxfa isə pıçıltı həddində danışmaqdır. Bunlar kişilərə aid hökmlərdir.
Qadınlar da bu qaydaya əməl edə bilərlər. Amma bu zaman diqqətli olmalıdırlar ki, onların səsini naməhrəm kişi eşitməsin. Əgər naməhrəmin eşitdiyi yerdə namaz qılırlarsa, bütün sözləri asta səslə (ixfa ilə) söyləmələri məsləhətdir.