İraqın Bəsrə xristianları Məhərrəm əyyamı ilə əlaqədar olaraq, bu şəhərdə yerləşən Həzrət Məryəm (ə) hüseyniyyəsində əzadarlıq keçirəcəklər
İraqın Bəsrə xristianları elan etmişdilər ki, "Nicat" kilsəsində qətlə yetirilən Bağdad xristianlarının qırx günlüyü və Məhərrəm ayının girməsi ilə əlaqədar olaraq, xristianların yeni ilini keçirməyi təxirə salaraq, onun yerinə Əba Abdullaha (ə) yas saxlayacaqlar.
Bəsrədə yerləşən bu dinin davamçılarının rəhbəri Səid Məti Petres bu şəhərin xristianlarının Məhərrəm ayının girməsi və qətlə yetirilən Bağdad xristianlarının qırx günlüyü ilə əlaqədar olaraq Yeni ili keçirməyəcəklərini xəbər vermişdir. O, deyir: "İraqın xristian alimləri bu ayda hər cür şənləndirici rəftarlardan uzaq olmağa çağırmış və Yeni ili İraq kilsələrində keçirməyəcəklərini bildirmişdilər".
Petresin sözlərinə görə, Bəsrənin cavan xristianları Bəsrənin Əhli-Beyt (ə) davamçılarına İmam Hüseyn (ə) küçəsində əzadarlıq heyətləri təşkil etməyə yardım edirlər. Onlar bu küçədə Həzrət Məryəm (ə) adlı hüseyniyyə quraraq, əzadar xristianları qəbul edəcəklər.
2003-cü ildə Amerikanın bu ölkəyə hücumunda sonra İraqın xristian əhalisi bir milyondan yarım milyona qədər azalmışdır. Bu azalma "Əl-Qaidə"nin qeyri-müsəlmanlara etdiyi terror əməliyyatları nəticəsində baş vermişdir. Bu terror nəticəsində onların çox hissəsi Qərb və İraqın qonşu ölkələrinə mühacirət etmişdilər.