Son günlər Azərbaycanın bir sıra məktəblərində hicabla bağlı yaranmış problem, ölkə insanını narahat etməkdədir. Baxmayaraq ki, ölkə Konstitusiyasında və "Təhsil haqqında" qanunda hicabla bağlı heç bir qadağa yoxdur, bəzi direktorlar hicablı şagirdlərə qeyri-hüquqi məhdudiyyət tətbiq edərək, onları məktəbə qoymurlar.
Qadağalara münasibətini açıqlayan "Təmiz Dünya" QHT-nin rəhbəri Mehriban Zeynalova Deyerler.org-a demişdir: "Hicab seçimi hər bir insanın şəxsi qərarıdır. Bu, onun daxili kamillik və təfəkkür tərzi ilə bağlı məsələdir. Hicab bağlamaq insanın daxilindən gəlirsə, sidq ürəklə bunu qəbul edirsə, təbii ki, hamı bunu alqışlayır. Hesab edirəm ki, bu, həmin insanların seçimidir və buna hörmətlə yanaşılmalıdır. Təhsil alan vətəndaşların təhsil alması ilə bağlı hər hansı məhdudiyyət qoyulmamalıdır. Mən bilirəm ki, Fransada da belə bir məsələ yaşanmışdı. Bu mövzu mütəmadi olaraq gündəmdə olur və hər bir ölkədə bu qadağalar narahatlıq doğurur. Hətta Avropanın özündə belə bəzi hökumətlər bu barədə qəribə qərarlar qəbul edirlər. Mən bir qədər prosesin içində olmadığımdan məlumatım azdır. Amma onu bilirəm ki, hamı bu qadağaya qarşıdır və hicaba dəstək verir. İstənilən halda mən hesab edirəm ki, bu, insan haqqıdır. Təbii ki, insan haqqı olan yerdə hamımız dəstək veririk. Hər kəsin ki, hüququ pozulursa, bu, yolverilməzdir".