. Aşura günü ilə əlaqədar bu gün səhər saatlarından başlayaraq, Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) qanköçürmə şöbəsində qanvermə aksiyasına start verilib. APA-nın cənub bürosunun məlumatına görə, artıq ənənəvi xarakter daşıyan bu xeyriyyə tədbirinə bu dəfə qonşu Astara, Lerik və Masallı rayonlarının sakinləri də qoşulub.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə bildirib ki, qanvermə aksiyası 2001-ci ildən etibarən QMİ-nin sədri, Şeyxülislam Allahşükür Paşazadənin verdiyi fətvadan sonra təşkil edilir. Ənənə halını alan bu xeyriyyə tədbirində iştirak edənlərin sayı da ildən-ilə artır.
Lənkəran MRX-nin qanköçürmə şöbəsinin müdiri Telman Zülfüqarov isə APA-nın yerli bürosuna qan verən şəxslərin ilk növbədə təzyiqlərinin yoxlanıldığını, onlardan qan nümunələri götürüldüyünü bildirib. İki gün davam edəcək aksiya zamanı yığılan qanlar respublika Qan Bankına təhvil veriləcək və onun müəyyən hissəsi talassemiyalı və hemofiliyalı, habelə digər qan xəstəliklərinin müalicəsinə sərf olunacaq.