Pakistanın baş naziri Yusif Ziya Gilani bu gün Türkiyəyə gəlir. Bu səfər çərçivəsində Türkiyə ilə Pakistan arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının ilk toplantısı keçiriləcək.
Toplantıya Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və Pakistanın baş naziri Gilani başçılıq edəcək.
Pakistanın baş naziri Türkiyə prezidenti Abdulla Gül tərəfindən də qəbul ediləcək. Səfər zamanı Gilaniyə Türkiyənin Cümhuriyyət nişanı veriləcək. Gilani isə ölkəsinin ən önəmli nişanı olan Pakistan Hilalını Türkiyə baş nazirinin həyat yoldaşı Əminə Ərdoğana təqdim edəcək.
Türkiyə Böyük Millət Məclisində çıxışı da planlaşdırılan Gilani İstanbulda biznes dairələri ilə bir araya gələcək, Mərmərə Universitetindən jurnalistika sahəsində fəxri doktorluq diplomu alacaq. Gilaninin səfəri dekabrın 9-da başa çatacaq. (trtazerbaycan.com)