Mömin şəxs ətrafında baş verən dəhşətli hadisələri seyr edirdi və daxili istirab keçirirdi: axı insanlar onun gözü qarşısında özlərini məhv edirlər, Cəhənnəmə tərəf sürətlə irəliləyirlər! Günlərin birində taqəti tükəndi, dözmədi, ucqar dağdakı mağaraya çəkilib aləmlə əlaqələrini kəsdi, tərki-dünya oldu.
Hər gün də eyni duanı edirdi:
- Allahım! Elə et ki, hər bir insan daxilində Səni tapsın!
İllər ötür, dualar isə davam edirdi. Günlərin birində zahid ağır xəstələndi və ölüm yatağına düşdü. Son qüvvəsini toplayaraq illərdir söylədiyi duanı xırıltılı səslə təkrarladı:
- Allahım! Elə et ki, hər bir insan daxilində Səni tapsın!
Bu dünyaya vida edərkən sanki qeybdən bir səs eşitdi:
- Məni daxilində heç olmasa bir insanın tapması üçün barı Mənə yardım etsəydin!
Əbəs yerə deyilməyib: “Əməlsiz iman yoxdur”.
P.S. Bəs Siz kimə yardım edirsiniz? Biz kimə yardım edirik? Ümumiyyətlə, yardım edirikmi?