Həcc ziyarətindən qayıdarkən baş verən qəzada yaralanan və hazırda Türkiyənin üç şəhərindəki xəstəxanada olan yaralı zəvvarların Vətənə gətirilməsi üçün Azərbaycan dövlət başçısının dəstəyi ilə Sivas bölgəsinə xüsusi təyyarə göndəriləcək.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. O bildirib ki, təyyarənin Sivasa bu həftənin bazar günü göndərilməsi nəzərdə tutulub.
Əvvəlki kimi hacılardan 7 nəfəri Sivas, 1 nəfəri Kayseri, 1 nəfəri isə Adana xəstəxanasındadır. Sivasdakı xəstəxanada olan 7 zəvvardan 6 nəfəri yaralıdır, 1 nəfər isə yaralı olan həyat yoldaşına yardım etməkdən ötrü onun yanında qalıb.
Qeyd edək ki, noyabrın 23-də azərbaycanlı zəvvarları Vətənə gətirən avtobus Türkiyənin Sivas bölgəsində qəzaya uğrayıb. Hadisə nəticəsində 5 nəfər ölüb, 29 nəfər yaralanıb. Ölənlərin meyitləri və yaralılardan 20 nəfəri noyabrın 24-dən 25-nə keçən gecə xüsusi təyyarə ilə Bakıya gətirilib. Avtobusun sürücüsü Asif Bağırov həbs olunub.