Dövlət başçıları imzaladıqları Birgə Bəyannamədə Xəzərin hüququ statusuna dair Konvensiya üzərində işi davam etdirmək niyyətlərini təsdiqləyiblər
Bakı-APA. Azərbaycan, Rusiya, Qazaxıstan, Türkmənistan və İran prezidentləri Xəzəryanı ölkələrin dövlət başçılarının Bakıda keçirilən III zirvə toplantısının yekununda qəbul etdikləri Birgə Bəyannamədə Xəzərin hüququ statusuna dair Konvensiya üzərində işi davam etdirmək niyyətlərini təsdiqləyiblər. APA-nın "RİA Novosti"yə istinadən yaydığı məlumata görə, Birgə Bəyannamədə deyilir: "Tərəflər sahilyanı ölkələrin Xəzər dənizinə və onun resurslarına münasibətdə suveren hüquqlarını tanıdıqlarını bəyan edirlər. Onlar Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya üzərində işi başa çatdırmaq niyyətlərini təsdiqləyirlər. Bu Konvensiya sahilyanı ölkələrin Xəzər dənizində fəaliyyətini tənzimləyəcək baza sənədi olacaq".
Sammitin yekunlarına həsr olunmuş brifinqdə Rusiya prezidenti Dmitri Medvedyev bildirib ki, Konvensiya üzərində işi bir il ərzində başa çatdırmaq mümkündür.