Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İraqın ticarət naziri Səfa Əl-Din Məhəmməd Əl-Safinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, E. Məmmədyarov qonağın səfərinin önəmli fakt olduğunu söyləyərək bu səfərin Azərbaycanla İraq arasındakı əlaqələrin daha da genişlənməsinə təkan verəcəyini deyib. O, Azərbaycanın İraqla yalnız neft sektorunda deyil, qeyri-neft sektorunda da əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu vurğulayıb.
Qonaq onu qəbul etdiyinə görə E. Məmmədyarova təşəkkürünü çatdıraraq Dağlıq Qarabağ münaqişəsində ölkəsinin Azərbaycanın haqlı mövqeyini hər zaman dəstəklədiyini bildirib. O, iqtisadiyyat, ticarət, elm və digər sahələrdə əməkdaşlıqla bağlı imzalanmış müqavilənin ölkələr arasındakı əlaqələrin daha da inkişafına təkan verəcəyinə inandığını dilə gətirib.
Son olaraq nazir Əl-Safi gənc iraqlı diplomatların Azərbaycan Diplomatik Akademiyasının təlim kurslarında iştirakını və bununla Azərbaycanı daha yaxından tanımaq imkanı qazanmalarını arzuladığını qeyd edərək bu kimi planların gələcəkdə İraqda Azərbaycanın səfirliyinin açılması ilə həyata keçiriləcəyinə ümid etdiyini bildirib.
E. Məmmədyarov qeyd edilən məsələlərdə Xarici İşlər Nazirliyinin dəstəyini əsirgəməyəcəyini vurğulayaraq İraqda Azərbaycan səfirliyinin açılması ilə bağlı Milli Məclisin qərar qəbul etdiyini qonağın diqqətinə çatdırıb. O, yaxın vaxtlarda səfirliyin açılacağına ümidvar olduğunu qeyd edib.