"Bütün üçüncü tərəflər və Ermənistan bu vəziyyətdən mənfəət güdürlər"
Vaşinqton. İzabel Levin - APA. ABŞ-ın Tennesi Texniki Universitetinin siyasi elmlər üzrə professoru Mixael Günterin APA-nın Vaşinqton müxbirinə müsahibəsi
- Beynəlxalq perspektivdən yanaşdıqda, İran probleminin həllini necə görürsünüz? Əgər qəbul olunacaq qərar bölgəyə daha çox hərbçinin daxil olmasına səbəb olarsa, qonşu ölkələr bu halda nə edəcəklər?
- İran problemi diplomatiya yolu ilə həll olunmalıdır. Yəni hərb yolu ilə həll üsulu potensial cəhətdən diplomatik proses boyu əlverişli olsa da, ehtiyatda saxlanılır.
- ABŞ hələ də düşünür ki, İranın siyasəti nəinki İranda yaşayan əhali üçün, hətta bütün region üçün təhlükədir. İranın regionda yaratdığı təhlükəni təsvir edə bilərsinizmi? Azərbaycan kimi region ölkələri bundan narahatlıq keçirməlidirlərmi və onlar bu halda nə etməlidirlər?
- İran probleminin böyük bir hissəsi prezident Mahmud Əhmədinejadın istifadə etdiyi təmkinsiz və hədə-qorxu ilə dolu nitqdən ibarətdir. İran qüdrətli region ölkəsi kimi uzun və möhtəşəm bir tarixə malikdir və qonşu ölkələr bunu bilir. Bu səbəbdən, məncə, Azərbaycan bu barədə narahat olmamalıdır. Mənə elə gəlir ki, qonşu ölkələr ABŞ-a başa salmalıdırlar ki, Tehranla iqtisadi münasibətləri davam etdirmək onlar üçün çox vacibdir və belə münasibətlər zorakılığa çağıran hər bir qızğın nitqi yumşalda bilər.
- Cənubi Qafqaz regionu qlobal məsələlər üçün nə dərəcədə mühümdür?
- Cənubi Qafqaz regionu qlobal məkanda ən əsası öz neft resurslarına görə yer tutur. ABŞ bunu bilir, amma eyni zamanda onu da başa düşür ki, bu məsələdə Rusiya, İran və Türkiyədən fərqli olaraq, ən uzaq ölkə olaraq qalır. Bütün bunlara baxmayaraq, ABŞ hələ də dünyanın hegemon ölkəsi olaraq qalır. O, bütün qlobal məsələlərdə maraqlıdır və təbii ki, bura Cənubi Qafqaz regionu da daxildir - öz neftinə görə.
- Bəs Dağlıq Qarabağ münaqişəsinin həlli perspektivlərini nədə görürsünüz? Münaqişəyə cəlb olunan tərəflər və vasitəçilər vasitəsilə nə etmək olar?
- Mən düşünmürəm ki, Dağlıq Qarabağ münaqişəsi bu tezlikdə həll oluna bilər. Əlbəttə, bütün üçüncü tərəflər və Ermənistan bu vəziyyətdən mənfəət güdürlər.
- Dağlıq Qarabağ münaqişəsi regiondakı Abxaziya, Şimali Osetiya və İsrail-Fələstin kimi münaqişələrlə müqayisə oluna bilərmi? Onların yol xəritələrinin nə şəkildə bir-birinə bənzərliyi var?
- Onu deyə bilərəm ki, Dağlıq Qarabağ münaqişəsi İsrail-Fələstin qarşıdurmasını xatırlatmağa başlayır. Abxaziya və Şimali Osetiya artıq ikinci dərəcəli və vaxtı keçmiş problemlər sırasındadır, ona görə də Dağlıq Qarabağ münaqişəsi ilə müqayisə oluna bilməzlər.