Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini, şahzadə Xalid bin Saud bin Xalid Əl Saud Azərbaycanda səfərdədir.
Şahzadə APA-ya bildirib ki, səfər çərçivəsində xarici işlər naziri Elmar Məmmədyarovla, Nazirlər Kabinetində və Milli Məclisdə görüşlər keçirəcək: "Ümidvaram ki, səfərin yekunları uğurlu olacaq".
Nazir müavini Həcc ziyarətinin başlanması ilə əlaqədar Azərbaycan zəvvarlarına öz ürək sözlərini də deyib: "Mən Həcc ziyarətinə yola düşmüş bütün qardaşlarımızı təbrik edirəm, Allahın evini ziyarətə gedən qardaşlarımızın hamısına arzu edirəm ki, sağ və salamat ziyarətlərini başa vurub öz ailələrinin yanına qayıtsınlar. Biz əlimizdən gələni edəcəyik ki, onlar bu müqəddəs səfəri uğurla başa vursunlar".
Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyi şahzadənin şərəfinə ziyafət verib. Ziyafətdə Prezident Administrasiyasının Beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın Səudiyyə Ərəbistanı və İtaliyadakı səfirləri Tofiq Abdullayev və Vaqif Sadıxov, Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qrupunun rəhbəri Fəttah Heydərov, digər millət vəkilləri, ictimai xadimlər iştirak ediblər.