Azərbaycandan müqəddəs Həcc ziyarətinə gedərkən Türkiyə ərazisində yolda qalmış azərbaycanlı Əbdülhəsən Abbasov birgə hərəkət etdiyi zəvvar qrupuna çatdırılıb.
Bu barədə APA-ya Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) mətbuat xidmətinin rəhbəri Rəhimə Dadaşova məlumat verib. R.Dadaşova bildirib ki, zəvvar müraciətdən az sonra avtobusa çatdırılıb və hazırda yoldaşları ilə bir yerdə yolunu davam etdirir.
Qeyd edək ki, Türkiyə mətbuatı ötən gecə saat 03:00 radələrində Türkiyənin Sivas bölgəsində Azərbaycandan avtobusla Həcc ziyarətinə gedən 47 yaşlı zəvvar Əbdülhəsən Abbasovun yolda qalması barədə xəbər yayıb.
R.Dadaşova Həcc ziyarətinə avtobusla gedən zəvvarlarla hər gün əlaqə saxlanıldığını bildirib. QMİ mətbuat xidmətini rəhbərinin sözlərinə görə, zəvvarların səhhəti qaydasındadır və heç bir problem yoxdur.