"Azərbaycanın Xarici İşlər Nazirliyi İraqda çoxsaylı insan tələfatı və yaralanmalarla nəticələnən terror aktlarını qətiyyətlə pisləyir və günahsız insanların həyatlarını itirməsindən kədərləndiyini bildirir".
Bunu APA-ya açıqlamasında İraqda son vaxtlar baş verən terror aktlarına münasibət bildirən Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Elxan Poluxov deyib.
Diplomat bəyan edib ki, Ermənistanın həyata keçirdiyi işğalçılıq və terror siyasəti ilə qarşılaşan Azərbaycan Respublikası bu gün də həmin terrorun ağır nəticələrindən əziyyət çəkir: "Terrorçuluğun ümumən bəşəriyyətə qarşı yönəldiyini vurğulayaraq dinc əhalini hədəfə alan dəhşətli aktlara bəraət qazandırmağı mümkünsüz hesab edirik və terrorçuların dini və etnik mənsubiyyətinin olmadığını bir daha təsdiqləyirik. İraqla yanaşı, dünyanın bir çox ölkələrində, o cümlədən Pakistan və Əfqanıstanda baş vermiş terror aktlarının qurbanlarının ailə üzvlərinə və yaxınlarına səbr diləyir, dünya ölkələrini terrorçuluqla birgə mübarizə aparmağa çağırırıq".