Oxucu sual verir: Əxbarilər kimlərdir?
XVII–XVIII əsrlərdə şiə alimləri hədislərə münasibət baxımından iki dəstəyə bölünmüşdülər. Bunların birinə şərti olaraq “əxbarilər”, o birinə isə “üsulilər” deyirdilər. Əxbarilər şəriət hökmlərini yalnız Quran ayələri və əxbarla əsaslandırmağı vacib sayır, icmanı və ictihadı rədd edirdilər. Üsulilər isə Quran və əxbarla yanaşı, icma və ictihadı da əsas dayaqlardan biri kimi qəbul edirdilər. Əxbarilərin əqidəsinə görə, ictihad və təqlid batildir, hədisləri səhih və zəif qismlərə ayırmaq günahdır, yeni meydana çıxan və haqqında hədislərdə heç nə bildirilməyən məsələlərdə ehtiyata uyğun davranmaq lazımdır. Əxbarilərlə üsulilərin qarşıdurması bəzi dövrlərdə çox kəskin şəkil almış, hətta bunların münasibəti bir-birini qarşılıqlı surətdə lənətləmə həddinə gəlib-çatmışdı. XVIII əsrin sonu-XIX əsrin əvvəllərindən etibarən üsulilər üstünlük qazanmağa və əxbariləri sıxışdırmağa başladılar. Bu gün də şiə fiqhində üsuli əqidəsi hakimdir.