Azərbaycan hüquq-mühafizə orqanlarının radikal dini qruplaşmalara qarşı keçirdiyi əməliyyatlarla əlaqədar ölkənin nəqliyyat sistemində təhlükəsizlik tədbirləri gücləndirilib. Bu barədə APA-ya Azərbaycanın Nəqliyyat Nazirliyindən məlumat verilib. Terror təhlükəsi və radikal dini qruplaşmalara qarşı keçirilən əməliyyatlarla əlaqədar hava, su və dəmir yolu nəqliyyatında fəaliyyət göstərən bütün müəssisələr, həmçinin böyük şəhərlərdəki avtovağzallar gücləndirilmiş rejimə keçib. Azərbaycan Dövlət Dəmir Yolunun (ADDY) mətbuat xidmətinin rəisi Nadir Əzməmmədovun APA-ya verdiyi məlumata görə, dəmir yolunun bütün müəssisələri və istehsalat birlikləri bu gün səhərdən gücləndirilmiş rejimdə işləyir: "Dəmir yolu vağzallarında və depolarda təhlükəsizlik tədbirləri gücləndirilib, şübhəli şəxslər və əşyaların yoxlanılması barədə göstəriş verilib. Bu, hüquq-mühafizə orqanlarının təhlükəsizlik tədbirini gücləndirmək barədə xəbərdarlığı ilə əlaqədardır".
Qeyd edək ki, bu gün səhərdən Bakı Metropolitenində də mühafizə tədbirləri gücləndirilib. Metropolitenin rəisi Tağı Əhmədov APA-ya açıqlamasında deyib ki, metropolitendə əvvəllər də təhlükəsizlik tədbirləri görülməsinə baxmayaraq, hüquq-mühafizə orqanlarının xəbərdarlığından sonra tədbirlər daha da gücləndirilib: "Biz minlərlə sərnişinin həyatı, onların təhlükəsizliyi üçün məsuliyyət daşıyırıq. Özünün və digər vətəndaşların təhlükəsizliyi naminə heç kim buna etiraz etməməlidir".