Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Rafiq Əliyevlə BMT-nin Din və etiqad azadlığı məsələləri üzrə xüsusi məruzəçisi Asma Cahangirin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş keçirilib. DQİDK-nın mətbuat xidmətinin verdiyi məlumata görə, nümayəndə heyətinin üzvlərini salamlayan Komitə sədri R.Əliyev rəhbərlik etdiyi qurum ilə BMT-nin İnsan haqları üzrə Ali Komissarlığı arasında mövcud olan əlaqələrin səviyyəsindən məmnunluğunu bildirib. Azərbaycanda ictimai fikrin formalaşmasında dinin böyük əhəmiyyətə malik olmasını bildirən R.Əliyev xüsusi olaraq vurğulayıb ki, ölkəmizdə din dövlətdən ayrıdır və bütun dinlər qanun qarşısında bərabərdir. Dövlət Komitəsinin rəhbəri deyib ki, Azərbaycanda müstəsna din yoxdur və dövlət tarixən təşəkkül tapmış dini dözümlülük atmosferinin saxlanması və bütün dinlər arasında dialoqun möhkəmləndirilməsi naminə konkret addımlar atır.
Ölkə rəhbərliyinin dini sahədə apardığı siyasətin əsas istiqamətlərindən danışan R.Əliyev son illər dini icmaların birgə humanitar və sosial layihələrin həyata keçirilməsinə cəlb olunması sahəsində bir sıra səylər göstərildiyini də vurğulayıb. Bununla əlaqədar olaraq, 2004-cü ilin sonunda yaradılmış və bu günə qədər özündə 50-yə yaxın müxtəlif təmayüllü dini icmanı birləşdirən Dini İcmalar Birliyinin rolu xüsusi olaraq nəzərə çatdırılıb.
A.Cahangir isə öz növbəsində Bakıya səfərə dəvət edildiyi üçün Azərbaycan hökumətinə təşəkkürünü bildirib. Azərbaycan rəhbərliyinin dini tolerantlığın saxlanması sahəsindəki nailiyyətlərini qeyd edən BMT-nin xüsusi məruzəçisi bəyan edib ki, Azərbaycan vicdan və dini etiqad azadlığının total şəkildə boğulduğu dövrdən demokratiyaya keçid mərhələsini yaşayır. "Bəzən dünyəvi dövlət ilə dini qurumlar arasında qarşılıqlı anlaşmanın yaranması üçün iki və ya üç onillik tələb olunur. Keçid dövründə bir sıra çətinlik və mübahisələrin yaranması mümkündür və buna görə də dini etiqad azadlığının təmin olunması kimi məsələlərdə DQİDK-nın fəaliyyətinin əhəmiyyəti daha da artır", deyə A.Cahangir vurğulayıb.
Xüsusi məruzəçi mandatına hökumət dairələrindən, QHT və digər təşkilatlardan vicdan və dini etiqad azadlığı kimi hüquqların pozulması haqqında məlumatların toplanmasının daxil olduğunu vurğulayan A.Cahangir ayrı-ayrı dini icmaların üzləşdiyi problemlərlə də maraqlanıb. Görüşdə əsasən Azərbaycan ərazisinə dini ədəbiyyatın gətirilməsi və dini qurumların qeydiyyatı məsələləri müzakirə olunub.
Sonda tərəflər əməkdaşlığın davam etdirilməsi, eləcə də dini etiqad azadlığının təmin olunması üçün faydalı ola biləcək informasiya mübadiləsinin aparılmasına hazır olduqlarını bildiriblər. Görüşdə Xarici İşlər Nazirliyinin nümayəndələri də iştirak ediblər.