İranın ticarət naziri: "Azərbaycanla İran arasında ticarət mübadiləsinin həcmini 1 milyard dollara çatdıra bilərik"
APA-nın Tehranda XVII Beynəlxalq Mətbuat və İnformasiya Agentlikləri Sərgi-Festivalında iştirak edən əməkdaşının verdiyi məlumata görə, nazir bildirib ki, İranla Azərbaycan arasında əlaqələr getdikcə inkişaf edir: "2009-cu ildə iki ölkə arasında ticarət mübadiləsinin həcmi 550 milyon dollar təşkil edib. İki ölkə arasında bəzi maneələr aradan qaldırılsa, bu rəqəmi 1 milyard dollara da çatdırmaq olar".
M. Qəzənfəri qeyd edib ki, Avropa ölkələrinin İrana qarşı sanksiyaları onların İranla ikitərəfli ticarət mübadilələrinin həcminə ciddi təsir göstərməyib: "Bunun da səbəbi çox sadədir. Əgər təsir etsəydi, birinci qətnamədən sonra ikinci, üçüncü və dördüncü qətnamələri qəbul etməzdilər. XXI əsrdə sanksiyalar öz təsir gücünü itirib. Çünki ölkələr arasında əlaqələr getdikcə genişlənir. İran 70 milyon əhalisi ilə birlikdə böyük bir bazarı təşkil edir. Ona görə Avropa ölkələri bizimlə əlaqə qurmaqda maraqlıdır. Texnologiya baxımından bir zamanlar İran idxalçı ölkə idisə, indi ixracatçı ölkəyə çevrilib. Bu da sanksiyaların məğlubiyyətə uğramasının ikinci səbəbidir. Hökumətlər sanksiyaları elan etsələr də, özəl şirkətlər özləri bu əlaqələri qurmaqda maraqlıdır".