Oxucu sual verir: “İki şahidlik sahibi” (züş-şəhadəteyn) ləqəbi ilə tanınan səhabə kimdir?
Bu, ənsardan olan Xüzeymə ibn Sabit adlı səhabədir. Dini mənbələrdə yazılıb ki, Peyğəmbər bir bədəvi ərəbdən at almaq barədə sövdələşmişdi. Lakin münafiqlər həmin bədəvini yoldan çıxarıb, atı xeyli baha qiymətə sata biləcəyini söylədilər. Bədəvi ərəb Peyğəmbərlə mübahisəyə başlayıb, atı ona satdığını inkar etdi. Bu zaman Xüzeymə şahid kimi ifadə verib, həqiqətən, Peyğəmbərlə ərəbin arasında at alveri olduğunu təsdiqlədi. Peyğəmbər Xüzeymədən soruşdu: “Sövdələşmə zamanı bizim yanımızda olmadığın halda, niyə şahidlik etdin?” Xüzeymə cavab verdi: “Fikirləşdim ki, əgər sənin peyğəmbərlik iddiasında doğrucul olduğunu qəbul edirəmsə, bundan daha əhəmiyyətsiz olan at alverində də doğru dediyini qəbul etməliyəm. Ona görə sənin yalan danışmadığına şəhadət verdim”. Peyğəmbər Xüzeymənin hərəkətini alqışladı və onun ifadəsini iki nəfərin şahidliyinə bərabər qüvvədə saydı. Peyğəmbərdən sonra da Xüzeymənin ifadəsi iki şahidə bərabər tutulurdu.
Xüzeymə Cəməl savaşında ənsarın süvari qoşununa başçılıq etdi. Siffeyn savaşında Əmmarın şəhadətindən sonra Xüzeymə döyüş meydanına çıxıb savaşdı və şəhid oldu.