İslam Konfransı Təşkilatı dövlət və hökumət başçılarının XIII zirvə görüşünün 2014-cü ildə Bakı şəhərində keçirilməsinə dair təbliğat tədbirləri davam etdirilir
XİN-in mətbuat xidmətindən APA-ya bildirilib ki, bu məqsədlə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərinə gedən Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov və Azərbaycanın bu ölkədəki səfiri Tofiq Abdullayev tanınmış yerli və regional kütləvi informasiya vasitələrinə müsahibə veriblər.
Səfər çərçivəsində V. Sadıqov bir sıra görüşlər keçirib. İKT baş katibi Ekmələddin İhasanoğlu ilə keçirilən görüş zamanı V. Sadıqov Azərbaycanın İKT ilə əlaqələrinin yüksək səviyyədə olduğunu söyləyərək XIII İslam Zirvə Görüşünün 2014-cü ildə Bakı şəhərində keçirilməsinə Azərbaycan tərəfinin hazır olduğunu bəyan edib. Səudiyyə Ərəbistanı xarici işlər nazirinin müavini X. Candan ilə görüşdə iki ölkə arasında ikitərəfli əlaqələrin vəziyyəti və beynəlxalq təşkilatlarda əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. V. Sadıqov 2011-ci ildə Misirdə təşkil olunacaq XIII İslam Zirvə Görüşü zamanı keçiriləcək seçkilərdə növbəti zirvə görüşünün Bakıda təşkili üçün Səudiyyə Ərəbistanından dəstək istəyib.