Oxucu sual verir: “Müsnəd” nə deməkdir?
Müsnəd - eyni bir ravi tərəfindən rəvayət edilmiş hədislərin toplumuna deyilir. Bəzi kiçik həcmli müsnədlər yalnız bir səhabənin rəvayət etdiyi hədislərdən ibarətdir. Elə irıhəcmli müsnədlər də var ki, orada yüzlərlə səhabənin rəvayəti toplanıb. Bir ravinin hədisləri bitdikdən sonra başqa ravinin hədislərinə keçirlər. Çox zaman hədislər arasında hər hansı mövzu ardıcıllığı gözlənilmir. Ravilərin adı ya əlifba sırasına, ya da fəzilət dərəcəsinə əsasən düzülür. Təyalisi, Hümeydi, Abdullah ibn Mübarək, Əbu Yəla, Təbərani, İmam Şafii və b. müsnəd tərtib etmişlər. Ən məşhur müsnədin müəllifi hənbəli məzhəbinin banisi Əhməd ibn Hənbəldir. 30 mindən artıq hədisin toplandığı bu kitabda əvvəlcə raşidi xəlifələrin, sonra isə ən məşhur səhabələrin rəvayətləri verilib. Daha sonra ravilər şəhərlər üzrə sıralanıb. Bu kitab əhli-sünnə məzhəbində altı “Səhih”dən sonra ən mötəbər hədis məcmuəsi sayılır.