Oxucu sual verir: İmam Mehdi (ə) əqidəsi yalnız şiəlikdə mövcuddurmu?
Bütün dinlərdə dünyanın sonuna yaxın bir Xilaskarın zühur edib, ədalətsizliyi yox edəcəyi və ilahi hakimiyyəti quracağı barədə inanc mövcuddur. İstər xristianlıq və yəhudilikdə, istərsə də hətta zərdüştilik kimi batil dinlərdə bu əqidə özünü göstərir. Əlbəttə, hər dində Xilaskarın şəxsiyyəti və obrazı fərqlidir. İslam dinində də bütün məzhəb və təriqətlər Mehdi inancını qəbul edir. Şiələrə görə, o, XI imamın oğlu və qeybdə olan XII imamdır. Əhli-sünnə məzhəbinə görə, Mehdi Həzrət Fatimənin (ə) nəslindən, İmam Həsənin (ə) övladlarındandır. Şiələr İmam Mehdinin (ə) təqribən 1150 il bundan əvvəl doğulduğuna, hal-hazırda diri olduğuna və qeyb halında yaşadığına inanırlar. Sünnilər isə Mehdinin zühurdan bir qədər əvvəl doğulacağına, normal ömür sürərək, müəyyən yaşda zühur edəcəyinə əqidə bəsləyirlər.