"İordaniya Azərbaycanın mövqeyini bundan sonra da dəstəkləyəcək".
Azərbaycanın İordaniyadakı səfirliyindən APA-ya verilən məlumata görə, bu sözləri İordaniyanın xarici işlər naziri Naser Cudeh Azərbaycanın bu ölkədəki səfiri Elman Araslı ilə görüşündə deyib.
Görüşdə ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın tutduğu mövqenin İordaniya tərəfindən dəstəklənməsinə görə təşəkkür edən səfir bunun Azərbaycan xalqı tərəfindən yüksək qiymətləndirildiyini söyləyib. Nazir N. Cudeh isə Azərbaycanla İordaniya arasındakı əlaqələrin dostluq və qardaşlıq ruhunda davam etdiyini bildirərək ölkəsinin həm Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində, həm də bütün digər istiqamətlər üzrə Azərbaycanın mövqeyinə bundan sonra da dəstək veriləcəyini bəyan edib.
Söhbət zamanı iki ölkə arasında siyasi, iqtisadi, mədəni və digər sahələr üzrə əməkdaşlığın vəziyyəti nəzərdən keçirilərək əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsi istiqamətində müvafiq tədbirlərin, o cümlədən hər iki dövlətin xarici işlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin keçirilməsinin vacibliyi vurğulanıb.