Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycanda səfərdə olan Mərakeş Krallığı parlamentinin Nümayəndələr Palatasının sədri Abdel Vahed Radi ilə görüşüb. Bu barədə APA-ya Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Mərakeşin yerləşdiyi bölgədə nüfuzlu dövlət olduğunu vurğulayan O. Əsədov deyib ki, Azərbaycan Mərakeş Krallığı ilə münasibətlərin inkişafına böyük önəm verir: "Ölkələrimiz arasında bu günədək 7 mühüm sənəd imzalanıb, 20-si isə imzalanma mərhələsindədir. Amma iqtisadi əlaqələrimizin hazırkı səviyyəsi mövcud potensiala cavab vermir. Artıq hökumətlərarası müştərək komissiya da yaradılıb. İnanırıq ki, bu komissiya bütün sahələrdə əməkdaşlığımızın genişlənməsində, münasibətlərimizin inkişafında mühüm rol oynayacaq".
A. V. Radi isə bu səfərə böyük önəm verdiklərini vurğulayıb. O bildirib ki, Mərakeşdə Azərbaycanın Dağlıq Qarabağ problemini yaxşı başa düşürlər: "Çünki bizim də oxşar problemimiz var. Mərakeş Krallığı bu məsələ ilə bağlı rəsmi Bakının nümayiş etdirdiyi mövqeni yüksək qiymətləndirir. Biz hər bir problemin sülh yolu ilə, beynəlxalq hüququn norma və prinsipləri əsasında həllinə tərəfdarıq".
Sonra parlamentlərarası, eləcə də iqtisadi, elm, təhsil, mədəniyyət, humanitar sahələrdə əlaqələrin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq, deputatların qarşılıqlı səfərləri və digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.