Nardaran kənd sakini Hacı Əli Hüseynov polis tərəfindən saxlanılıb.
Kənd Ağsaqqallar Şurasının üzvü Məşədi Natiq Kərimov APA-ya bildirib ki, sentyabrın 22-də saat 18.00 radələrində kənd ərazisində Nardaran Pirinə gedən küçədə abadlıq işləri apararkən polis onu saxlayıb: "Gecə saatlarına qədər kənddəki İmam Hüseyn meydanında aksiya keçirib. Hacı Əli Hüseynov kənddə narkotiklərlə mübarizə aparan şəxslərdən biridir. Biz ona vəkil tutacağıq".
O, Hacı Əli Hüseynovun həbsdən azad olunması üçün qanun çərçivəsində tədbirlər görüləcəyini də söyləyib. N. Kərimov sabah Ə. Hüseynovun qanından nümunələrin analiz ediləcəyini də deyib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya Ə. Hüseynovun polis tərəfindən saxlanılması faktı təsdiqlənib və bildirilib ki, Hacı Əli Hüseynov barəsində Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) cinayət işi açılıb, istintaq hərəkətləri davam etdirilir.
Qeyd edək ki, Hacı Əli Hüseynov 2009-cu il yanvarın 9-da Nardaran qəsəbəsində keçirilən mitinq zamanı Vətəndaş Həmrəyliyi Partiyasının sədri, Milli Məclisin deputatı Sabir Rüstəmxanlının öldürülməsi ilə bağlı fətva verdiyinə görə, 1 il müddətinə azadlıqdan məhrum edilmişdi.