“İlahi! Səndən başqa mehriban tapmayanın ümidini üzmə. Və Səndən başqasına möhtac olmayanı zəlil etmə.
İlahi! Məhəmmədə və onun ailəsinə salavat göndər. Sənə üz gətirdiyim halda məndən üz döndərmə. Səndən dilədiyim halda ümidsiz qaytarma. Dərgahında dayandığım halda sinəmdən vurub qaytarma. Sən o kəssən ki, özünü mərhəmətlə tanıtdırmışsan. Belədirsə, Məhəmmədə və onun ailəsinə salavat göndər və mənə rəhm et. Sən özünü bağışlayan adlandırmışsan. Buna görə də məni bağışla.
İlahi! Sənin qorxundan axan göz yaşımı və əzəmətindən ürəyimin iztirabını və heybətindən əzalarımın titrəməsini görürsən. Bunların hamısı pis əməllərimə görə səndən utanmağımın nəticəsidir. Elə buna görədir ki, dərgahında ah-nalə etməyə səsim çıxmır və minacat deyən dilim kütləşib”.
("Səhifeyi Səccadiyyə", 16-cı duadan).