İran və Azərbaycan prezidentlərinin iradəsi iki ölkə arasında əlaqələrin inkişafına yönəlib.
APA-nın məlumatına görə, bu sözləri İranın Azərbaycandakı səfiri Məhəmməd Bağır Bəhrami Tehran Universitetinin Qafqaz Araşdırmaları Mərkəzinin dəstəyi ilə təşkil edilmiş "Azərbaycan Respublikası: Keçmiş təcrübələr və gələcək perspektivlər" mövzusunda təşkil edilmiş beynəlxalq konfransda çıxışı zamanı deyib: "ATƏT-in Minsk Qrupu Dağlıq Qarabağ münaqişəsinin həllində 19 ildə heç bir irəliləyişə nail ola bilməməklə yanaşı, münaqişənin daha da mürəkkəbləşməsinə səbəb olub. Minsk Qrupu ümumiyyətlə münaqişənin ədalətli həllinə səy göstərmir və buna qadir də deyil. Rusiyanın Ermənistan ilə son hərbi anlaşması Bakının narazılığına səbəb olub, Amerikanın da Qarabağ separatçılarına davamlı olaraq maliyyə dəstəyi verməsi Azərbaycanın narahat edir".
Məhəmməd Bağır Bəhrami Madrid prinsiplərinə də münasibət bildirib: "Bu layihə ilə bağlı dəqiq və aydın məlumatlar verilmir. İşğal olunmuş ərazilərdə beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi Qarabağın Azərbaycandan ayrılmasının rəsmiləşməsi deməkdir. İran beynəlxalq sərhədlərin dəyişilməz qalmasına təkid edir. İran dəfələrlə Birləşmiş Millətlər Təşkilatında Azərbaycan Respublikasının ərazi bütövlüyünün lehinə səs verib".
Səfir bildirib ki, İran Qarabağ münaqişəsindən zərər çəkən yeganə qonşu ölkədir: "Çünki Qarabağ münaqişəsi Azərbaycanın İranla müştərək sərhədlərində coğrafi quruluşun dəyişməsinə səbəb olub. Bu isə Xudafərin layihəsi daxil olmaqla bir sıra mühüm layihələrin icrasını ciddi problemlərlə üzləşdirib. İranın Azərbaycanla 618 kilometr müştərək sərhədinin 120 kilometri separatçıların nəzarəti altındadır. Buna görə də Qarabağ münaqişəsi birbaşa İranın milli təhlükəsizliyi və milli mənafeyi ilə əlaqəyə malikdir".
Səfir qeyd edib ki, İran Qafqaz məntəqəsində sülh və sabitliyin bərqərar edilməsi üzrə səylərini davam etdirəcək və prezident İlham Əliyev Qarabağ münaqişəsinin həllində İranın vasitəçilik etməyinə razılıq verib.