ABŞ-da müqəddəs "Quran-Kərim"in təhqir edilməsinə və yandırılmasına etiraz əlaməti olaraq Lənkəranda etiraz aksiyası keçirilib
APA-nın cənub bürosunun məlumatına görə, şəhərin "Böyük bazar" məscidində baş tutan etiraz aksiyasında 300-ə yaxın dindar iştirak edib. Aksiyada "Qurani-Kərim"i təhqir edənlər lənətlənib, Amerika əleyhinə şüarlar səslənib və onların İslam dünyasından üzr istəmələri tələb edilib.
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub bölgəsi üzrə səlahiyyətli nümayəndəsi Hacı Sədi Axundzadə çıxışında məlum hadisəni pisləyərək "Quran" ayələrindən misallar gətirib. O bildirib ki, ABŞ-da "Qurani-Kərim"in təhqir edilməsinin təşkilatçıları cəzalandırılmalıdır.
Sonda ölkə prezidentinə və QMİ sədri Allahşükür Paşazadəyə müraciət ünvanlanıb.