Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfiri Elman Araslı bu ölkənin sənaye və ticarət naziri, Azərbaycan-İordaniya hökumətlərarası müştərək komissiyasının İordaniya tərəfdən həmsədri Amer Hədidi ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, söhbət zamanı komissiyanın növbəti iclasının cari ilin sonunadək Bakıda keçirilməsi, kənd təsərrüfatı və heyvandarlıq sahəsində müştərək şirkətin yaradılması və bununla bağlı cari ilin oktyabr ayında Azərbaycan nümayəndə heyətinin İordaniyaya səfəri, İordaniyanın Azərbaycanda Ticarət Mərkəzinin təsis edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılaraq razılıq əldə olunub.
E. Araslı İordaniyanın yeni təyin olunmuş kənd təsərrüfatı naziri Mazen Xasavnehlə də görüş keçirib. Söhbət zamanı kənd təsərrüfatı və heyvandarlıq sahələrində əməkdaşlıq məsələləri, o cümlədən bu istiqamətdə Azərbaycanda müştərək şirkət yaradılması məsələsi ətrafında müzakirə aparılıb. Bu məsələlərlə əlaqədar Azərbaycan nümayəndə heyətinin cari ilin oktyabr ayında İordaniyaya səfər etməsi barədə razılığa gəlinib.