İsrailin Azərbaycandakı səfiri Mixail Lavon Lotem Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) ekologiya üzrə vitse-prezidenti Soltan Əliyevlə görüşüb. Bu barədə APA-ya ARDNŞ-dən məlumat verilib.
Görüşdə məqsəd ARDNŞ-də həyata keçirilən ekoloji layihələrlə tanış olmaq və mümkün əməkdaşlıq imkanlarını müzakirə etmək olub. Bu məqsədlə İsrail diplomatının ARDNŞ-də həyata keçirilən layihələrlə yaxından tanış olmaq üçün bəzi sahələrə səfəri təşkil olunub.
Səfir Bakının Xəzər rayonu ərazisindəki "Ekoloji Park"a gələrək orada aparılan tikinti quraşdırma və yaşıllaşdırma işləri ilə tanış olub. Səfirə parkın enerji təchizatında alternativ enerji mənbələri olan günəş və külək enerjisindən istifadə olunması, su ehtiyatlarından səmərəli istifadəyə imkan verən müasir suvarma sistemlərinin tətbiqi, istehsalat proseslərində "0" tullantı prinsipinə əməl olunması, park ərazisində yetişdiriləcək tingələr arasında Azərbaycanın və dünyanın "Qırmızı Kitabı"na salınmış ağac kol növlərinə xüsusi əhəmiyyət verilməsi və s. məlumat verilib.
Səfir Ekologiya İdarəsinin Balaxanı qəsəbəsində yerləşən, müasir cihaz və avadanlıqlarla təchiz edilmiş Kompleks Tədqiqatlar Laboratoriyası ilə də tanış olub.