Azərbaycanın Lənkəran rayonunda baş vermiş silahlı insidentlə bağlı iki nəfər tutulub. Bu barədə APA-ya Lənkəran rayon Polis Şöbəsinin rəis müavini Cavid Ağayev məlumat verib.
Onun sözlərinə görə, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Masallı sakinləri Ramil İlham oğlu Hümbətov və Emin Bağırov saxlanılıb. Daha 5 nəfərin tutulması istiqamətində isə axtarış tədbirləri davam etdirilir.
Qeyd edək ki, məlum hadisə sentyabrın 3-də saat 00.15 radələrində Lənkəran rayonunun Qumbaşı kəndi ərazisində qeydə alınıb. Masallı rayonu istiqamətindən bir neçə minik maşınında gələn silahlı şəxslər Qumbaşı kənd məscidinin qarşısına toplaşmış yerli sakinlərə "Vinçester" markalı silahdan atəş açıblar. Atəş nəticəsində kənd sakini, 1969-cu il təvəllüdlü Elşən Əliməmməd oğlu Hüseynov qətlə yetirilib. Digər kənd sakini, 1985-ci il təvəllüdlü Ramin Baloğlan oğlu Ağamalıyev isə döş qəfəsindən aldığı güllə yarası ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə yerləşdirilib. MRX-nin növbətçi həkimi Telman Xurşudov APA-nın yerli bürosuna müvafiq tibbi yardımlardan sonra yaralının vəziyyətinin hazırda qənaətbəxş olduğunu bildirib.
Lənkəran rayon prokuroru Ramiz Nəbiyev isə APA-ya açıqlamasında hadisənin dini zəmində baş verməsi barədə yayılmış şayiələri qəti inkar edərək, hazırda faktla bağlı istintaq tədbirlərinin davam etdirildiyini qeyd edib: "Hadisə Qumbaşı kənd məscidinin yaxınlığında baş verib. Bir qrup Masallı sakini yığışıb gələrək orda insident yaradıb. Hazırda tərəfimizdən hadisə şahidlərinin dindirilməsi həyata keçirilir".