Ötən gün Azərbaycanın Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Əliyev və Tbilisi şəhərinin vitse-meri Zurab Sereteli Qax rayonuna qeyri-rəsmi səfər ediblər. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, nümayəndə heyətinin tərkibində Qazaxıstan, Rumıniya və Çinin Gürcüstandakı fövqəladə və səlahiyyətli səfirləri də olub.
Qonaqlar gürcülərin kompakt yaşadığı Qax-ingiloy kəndinə gedərək, yerli sakinlərlə görüş keçirib və "Müqəddəs Georgi" kilsəsinə baş çəkiblər. Nümayəndə heyəti, həmçinin, Şəki və Zaqatala rayonlarına səfər edib, bu rayonların tarixi abidələri ilə tanış olublar. Qax rayon İcra Hakimiyyətindən nümayəndə heyətinin səfəri qeyri-rəsmi olduğundan bu barədə heç bir açıqlama verilməyib.