POPULYARXƏBƏRLƏR

Azərbaycan və Türkiyə prezidentləri birgə mətbuat konfransı keçiriblər

İlham Əliyev: "Ermənistandan konstruktiv addımlar gözləyirik"

Abdulla Gül: "Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu hər kəs bilməlidir"


Bakı - APA. Avqustun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan prezidenti İlham Əliyev və Türkiyə prezidenti Abdulla Gülün mətbuat konfransı olub. APA-nın məlumatına görə, konfransda öncə prezidentlər bəyanatla çıxış ediblər. Prezident İ. Əliyev bəyanatında türkiyəli həmkarının səfərinin və səfər nəticəsində əldə edilmiş razılaşmaların Türkiyə ilə Azərbaycan arasındakı dostluq-qardaşlıq münasibətlərinin inkişafı üçün çox mühüm rol oynayacağını bildirib.

"Müzakirə etdiyimiz məsələlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də var idi. Bu barədə çox geniş danışdıq, fikir mübadiləsi apardıq. Bildiyiniz kimi, uzun illər ərzində Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır. Bu işğal və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan artıq azərbaycanlı doğma torpaqlarından didərgin salınıb, qaçqın-köçkün vəziyyətində yaşayır. Azərbaycanlılara qarşı Ermənistan tərəfindən etnik təmizləmə siyasəti aparılıb, bütün beynəlxalq hüquq normaları pozulub. Beynəlxalq təşkilatlar - BMT, Avropa Şurası, ATƏT, İslam Konfransı Təşkilatı, Avropa Parlamenti məsələnin həlli ilə bağlı çoxsaylı qətnamə, qərar qəbul edib və onların hamısı Azərbaycanın ərazi bütövlüyünün bərpasını qeyd-şərtsiz tələb edir. Əfsuslar olsun ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi məsələnin həlli üçün imkan yaratmır. Ancaq Azərbaycan bundan sonra da ərazi bütövlüyünün bərpası üçün bütün lazımi tədbirləri görəcək, siyasi və diplomatik səylərini artıracaq. Əminəm ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq", - deyə İ. Əliyev vurğulayıb.

Öz növbəsində, A. Gül ikitərəfli əlaqələrin siyasi, təhlükəsizlik, iqtisadi və mədəni sahələrdə get-gedə inkişaf etməkdə olduğunu vurğulayıb: "Qafqazın sabit və təhlükəsiz bölgə olması üçün həyata keçirilməli olan tədbirlər barədə bu gün yenə ətraflı müzakirələr apardıq. Dağlıq Qarabağ probleminin həlli, Azərbaycanın işğal altındakı torpaqlarında işğalın sona çatdırılması - bütün bunların Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını müzakirə etdik. Bunu müzakirə edərək, qısa müddət ərzində bu problemin həllinin zəruri olduğuna inanırıq. Milyonlarla köçkünün, qaçqının çox çətin şəraitdə yaşadığını bilirik. Əslində, bütün dünya bu həqiqəti görməlidir. Uzun illərdir, dünyada bu problemə kifayət qədər diqqət yetirilmədi. Ümid edirik ki, artıq bunun da zamanı gəlib çatıb və bütün bu məsələlər Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. Bu istiqamətdə fəaliyyətimizə və müzakirələrimizə davam edəcəyik. Çünki bu məsələni dondurulmuş şəkildə saxlamaq doğru deyil. Dondurulmuş münaqişələr gözlənilmədən çox böyük problemə çevrilə bilər. BMT-nin müraciəti var, İslam Konfransı Təşkilatının, digər beynəlxalq təşkilatların hər zaman müraciətləri olub. Bütün bu müraciətləri nəzərə alaraq, dost ölkələr, region ölkələri, bu regionla tarixi əlaqələri olan bütün qonşu ölkələr problemin həlli istiqamətində son dərəcə fəal olmalı və kömək etməlidirlər. Ümid edirəm ki, əvvəlki illərdə bu istiqamətdəki görülən işlər yenə intensiv qaydada davam edəcək. Türkiyə də bu istiqamətdə fəaliyyətinə davam edəcək, şübhəsiz ki, Azərbaycan ilə daim fikir mübadiləsi aparacaq. Hörmətli prezident, dəyərli qardaşım İlham Əliyev ilə daim fikir mübadiləsi şəraitində bu məsələlərin həlli üçün fəal səylərimiz davam edəcək. Mən bu münasibətlə bütün azərbaycanlı qardaşlarıma Türkiyənin daim Azərbaycanın yanında olduğunu, həmrəy olduğunu və olmaqda davam edəcəyini bir də buradan bəyan etmək istəyirəm. Türk xalqının bütün azərbaycanlı qardaşlarına olan sevgi və məhəbbət duyğularını burada bir daha bütün azərbaycanlı qardaşlarıma mətbuat nümayəndələri vasitəsilə bəyan etmək istəyirəm".

Sonra prezidentlər jurnalistlərin suallarını cavablandırıblar. İki ölkə arasında viza rejimi barədə suala cavab verən prezident İ. Əliyev Türkiyə ilə Azərbaycan arasında çoxsaylı müqavilələrin aradakı əlaqələrin inkişafı üçün hüquqi zəmin yaratdığını qeyd edib: "Bütün sahələrdə aramızdakı əlaqələri hüquqi sənədlər tənzimləyir. Viza məsələsi də bu gün müzakirə olundu. Bu məsələnin həlli üçün Azərbaycan da daxili prosedurlar keçməlidir. Bu məsələlər daxildə bir daha müzakirə edilməlidir. Bildiyiniz kimi, Türkiyə bütün türkdilli ölkələrlə vizaların birtərəfli qaydada qaldırılması üçün praktiki addımlar atıb. Biz bu addıma görə çox minnətdarıq. Ümid edirəm ki, bütün daxili prosedurlar başa çatandan sonra Azərbaycan tərəfindən də buna bənzər addım atılacaq".

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə toxunan prezident tərəflərin artıq həlledici mərhələdə olduğunu bildirib: "Son 5-6 il ərzində aparılan danışıqlar müəyyən təkliflərin hazırlanmasına gətirib çıxarıb. Bu təkliflər Minsk qrupu tərəfindən rəsmi şəkildə Ermənistan və Azərbaycana təqdim edilib. Təkliflər balanslaşdırılmış mahiyyət daşıyır. Təkliflərin qəbul olunacağı təqdirdə məsələnin dinc yollarla və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həlli mümkün olacaq. Təkliflərin mahiyyəti ondan ibarətdir ki, Azərbaycanın işğala məruz qalmış bölgələrindən Ermənistanın işğalçı qüvvələri çıxarılır və Azərbaycan vətəndaşları öz doğma dədə-baba torpaqlarına qayıdırlar. Bununla bərabər, təhlükəsizliyin təmin olunması üçün bölgədə sülhməramlı qüvvələr yerləşdirilir. Ermənistanla Dağlıq Qarabağ arasında dəhlizin fəaliyyət göstərməsi və digər məsələlər nəzərdə tutulur. Yəni, məsələnin mahiyyəti ondan ibarətdir ki, Azərbaycan torpaqları işğal altından çıxır, beləliklə, Azərbaycanın ərazi bütövlüyünün bərpası nəzərdə tutulur. O ki qaldı Dağlıq Qarabağın son statusuna, bu, gələcəyin işidir. Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, Dağlıq Qarabağın Azərbaycandan kənarda heç bir statusuna Azərbaycan heç vaxt öz razılığını verməyəcək və beynəlxalq hüquq normaları bu mövqeyi müdafiə edir. Əgər Ermənistan tərəfi konstruktivlik nümayiş etdirərsə və beynəlxalq normalara hörmətlə yanaşarsa, bütün beynəlxalq təşkilatların qətnamələrinə riayət edərsə, başqa ölkənin torpaqlarından öz işğalçı qüvvələrini çıxararsa, o zaman məsələ həllini tezliklə tapa biləcək. O zaman Ermənistanla Azərbaycan arasında sülh yaranacaq, bütün kommunikasiyalar açılacaq və bölgəyə geniş mənada əməkdaşlıq gələcək. Biz bunu arzulayırıq və Ermənistan tərəfindən konstruktiv addımlar gözləyirik".

Eyni sualı cavablandıran Türkiyə prezidenti Qafqazı sabit əməkdaşlıq bölgəsinə çevirəcəklərinə əmin olduğunu bildirib: "Bunun üçün də bu problem həll edilməlidir. Bu münaqişə 18 ildir, bu qaydada davam edib, lakin bundan sonra davam etməməlidir. Bunun üçün mütləq görüşmək, müzakirə aparmaq, bəzən açıq, bəzən gizli diplomatik fəaliyyət göstərmək lazımdır. Şübhəsiz ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bunu hər kəs bilməlidir. Çünki BMT-nin tanıdığı sərhədlərin hər hansı şəkildə başqa bir ölkə tərəfindən işğalı nə beynəlxalq hüquq tərəfindən qəbul edilə, nə də hər hansı şəkildə müsbət qarşılana bilər. Bu baxımdan bu problemin həlli üçün hamımız hər cür kömək göstərməyə davam edəcəyik".



Yerləşdirilib:21 Avqust, 2010  15:08, ]]>Çap]]>
 
Bu bölmədə:

Adınız |
Mətn
Captcha
|
Captcha
SONXƏBƏRLƏR
31 Yanvar, 2020

Peyğəmbərlər və imamlar hər şeyi biliblər? İslam suallarda

31 Yanvar, 2020

Bu gün Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür

30 Yanvar, 2020

Rusiya təsir edərsə, Qarabağ məsələsini həll edəcəyik Türkiyədən bəyanat

30 Yanvar, 2020

Dua edən zaman Allahdan nə istəyək? İslam suallarda

30 Yanvar, 2020
Hubei əyalətində koronavirus qurbanlarının sayı 162 nəfərə çatıb
30 Yanvar, 2020

KİV: Türkiyə tankları və hərbçiləri Tripoliyə gəlib

29 Yanvar, 2020
Ayətullah Sistani tam sağalaraq ayağa qalxıb
29 Yanvar, 2020

Dinimizdə hansı idman növləri qadağandır? İslam suallarda

29 Yanvar, 2020
ABŞ-ın İraqdakı bazasına hücum zamanı 50 hərbçi xəsarət alıb
29 Yanvar, 2020

Tramp: “Qüds İsrailin bölünməz paytaxtı olaraq qalacaq”

28 Yanvar, 2020

Bu gecə Xanım Fatimeyi Zəhranın (ə) şəhadətinin ildönümüdür

28 Yanvar, 2020

Həcc ziyarəti bahalaşır

28 Yanvar, 2020
İŞİD İsraili hədələdi
28 Yanvar, 2020

Qurani-Kərimdə neçə peyğəmbərin adı qeyd edilib? İslam suallarda

28 Yanvar, 2020
Çində koronavirusa yoluxanların sayı 4515 nəfərə çatıb
28 Yanvar, 2020
Əfqanıstanda “Taliban” silahlıları tərəfindən 10 polis öldürülüb
27 Yanvar, 2020
ABŞ Suriyada İŞİD-ə qarşı əməliyyatlara başladı
27 Yanvar, 2020

Qafqazın ilk Şeyxül-islamı kim olmuşdur? İslam suallarda

27 Yanvar, 2020
Suriyada baş verən partlayışda 8 nəfər ölüb
27 Yanvar, 2020
ABŞ-ın İraqdakı səfirliyinə raket hücumu: üç nəfər yaralanıb
24 Yanvar, 2020
Müqtəda Sədr bütün ABŞ qüvvələrinin ölkədən çıxmasını tələb edib
24 Yanvar, 2020

Övlad valideynin günahına görə cavab verirmi? İslam suallarda

24 Yanvar, 2020
ABŞ hərbçiləri Suriyada Rusiya generalını ələ keçirib
24 Yanvar, 2020

Radikallığı təbliğ edən 216 adda kitabın ölkəyə idxalının qarşısı alınıb

23 Yanvar, 2020
Məhkəmə Suriyada döyüşməkdə təqsirləndirilən şəxslərlə bağlı qərar çıxardı
23 Yanvar, 2020

İdlibdə ağır döyüşlər gedir: 40 hərbçi ölüb

23 Yanvar, 2020

Qadın öz ərinin cibindən icazəsiz pul götürə bilərmi? İslam suallarda

23 Yanvar, 2020
İranda Zərdüştün doğum günü rəsmi bayram olacaq
XƏBƏRARXİVİ
«Sen.2026
Be.Ça.Çə.Ca.Cü.Şə.Ba.
 123456
78910111213
14151617181920
21222324252627
282930    
© 2026 Saytın materiallarından istifadə edərkən xahiş edirik www.ISLAM.az saytına istinad edəsiniz.
Copyright 2002-2016, Dini Araşdırmalar Mərkəzi, Bütün hüquqlar qorunur www.islam.az
Arzu və istəkləriniz üçün [email protected]
  SpyLOG Saytı düzəldib: 313wb.com