Azərbaycanda rəsmi səfərdə olan Türkiyə prezidenti Abdulla Gül avqustun 17-də Təzəpir məscid kompleksində olub. APA-nın məlumatına görə, A. Gülü Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə qarşılayıb.
Komplekslə tanış olan Türkiyə prezidentinə məlumat verilib ki, prezident İ. Əliyevin göstərişi əsasında bərpa olunan məscidin tamamlayıcı dekorativ elementlərinin üstü, minarələrin başı və kəmərbənd yazıları ən yüksək əyarlı qızıl lövhələrdəndir. Yuxarı hissədə "La İlahə-İlləllah" kəlməsi 6 dəfə təkrar olunmuş günbəzin tən ortasında Qurani-Kərimdən "Nas", dairələrdə "Ayətül-kürsü", kiçik gümbəzlərdə isə "Həmd" surələri həkk edilib.
Türkiyə dövlətinin başçısına 1918-ci ilin sentyabrında Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak işğalından azad edilməsi, həmin Ordunun komandanı general Nuru paşanın sentyabrın 16-da - Qurban bayramı günü bu məscidə gələrək minbərdən yerli əhalini salamlaması haqqında da ətraflı məlumat verilib. Bildirilib ki, həmin çıxışında Bakının xilası münasibətilə yerli əhalini təbrik edən Nuru paşa həlak olmuş türk əsgərlərinin qanının azərbaycanlıların qanı ilə qarışmasının tarixi əhəmiyyətini vurğulayıb.
Sonra A. Gülə kompleksə daxil olan Bakı İslam Universitetinin tədris korpusu haqqında məlumat verilib. Bildirilib ki, korpusun hər mərtəbəsində 10 sinif otağı olmaqla 250 tələbənin təhsil alması üçün hər cür şərait yaradılıb.
Türkiyə prezidenti kompleksdə QMİ-nin kitabxanası ilə tanış olub. Kitabxanadakı 6 min nüsxə nadir əlyazma haqqında ali qonağa ətraflı məlumat verilib. Qeyd olunub ki, kitabxananın bir hissəsində dini verilişlərin hazırlanması üçün mini studiya yerləşir.
Prezident A. Gül burada nümayiş olunan qədim kitablara, Təzəpir məscidi haqqında CD-lərə baxıb, fəxri qonaqlar kitabına ürək sözlərini yazıb.
Ali qonağa xatirə hədiyyələri təqdim olunub.