Bakıda səfərdə olan Vatikanın Azərbaycandakı nümayəndəsi Klaudio Qucerotti dövlət orqanlarında görüşlər keçirəcək
Vatikanın Azərbaycandakı nümayəndəsi – nunsi Klaudio Qucerotti Bakıda səfərdədir. Bakı katolik kilsəsinin rəhbəri Yan Çaplanın APA-ya verdiyi məlumata görə, nunsi Azərbaycan Prezident Aparatı, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Qafqaz Müsəlmanları İdarəsində görüşlər keçirəcək.
Görüşlərdə Azərbaycan-Vatikan münasibətləri ilə yanaşı, Bakıda inşa edilmiş "Müqəddəs Məryəm" katolik kilsəsinin rəsmi açılış mərasimin tarixi də dəqiqləşdiriləcək. Yan Çaplanın sözlərinə görə, Vatikan açılış mərasiminin gələn ilin fevralında keçirilməsini təklif edir. Açılış mərasimində Vatikanın ikinci şəxsi, dövlət katibi, kardinal Tarçizio Bertonenin iştirakı planlaşdırılır. Qeyd edək ki, bu il aprelin 29-da qeyri-rəsmi açılışı olan kilsə artıq fəaliyyət göstərir.
Xatırladaq ki, K. Qucerottinin ofisi Tiflisdə yerləşir.