Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Yaşar Əliyev ABŞ prezidenti Barak Obama ilə görüşüb.
Azərbaycanın ABŞ-dakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, amerikalı prezidentin təşəbbüsü ilə Ağ Evdə keçirilən iftar süfrəsi zamanı Azərbaycanın ABŞ-dakı səfiri Y.Əliyevlə qısa söhbəti zamanı ABŞ prezidenti Barak Obama Azərbaycan prezidenti İlham Əliyevə müsəlmanların müqəddəs Ramazan ayının başlaması münasibətilə ən xoş arzularını çatdırıb.
Bir sıra xarici dövlətlərin səfirlərinin, ABŞ-ın Prezident Administrasiyanın və Konqres üzvlərinin və ABŞ-ın müsəlman icmasının nümayəndələrinin qatıldığı ziyafət Müqəddəs Quran surələrinin oxunması ilə başlayıb.
İftar məclisindəki çıxışında B.Obama Ramazanın düşüncə, etiqada sadiqlik, ehtiyacı olanlara yardım və dəstək ayı olduğunu bildirib. ABŞ prezidenti qeyd edib ki, irqi bərabərlik dini olan İslam daima Amerika həyatının bir hissəsi olub və Amerika müsəlmanları ABŞ-ın inkişafına böyük töhfələr veriblər.