Azərbaycanda cəza çəkən 12 iranlı məhbus ölkəsinə təhvil verilib.
APA-nın "Fars News" agentliyinə istinadən verdiyi məlumata görə, İran hakimiyyət nümayəndəsi Əli Qayebi bildirib ki, təhvil verilmiş 11 kişi və bir qadın Azərbaycanla İran arasında imzalanmış protokol əsasında ekstradisiya olunublar.
O, həmçinin bildirib ki, həmin insanlar müxtəlif cinayətlərdə, o cümlədən narkotik alverində və Azərbaycana qeyri-qanuni yolla gəlməkdə günahlandırılıblar. Ə. Qayebi hazırda Azərbaycanda həbsdə çoxlu sayda İran vətəndaşının olduğunu deyib, onların da ölkələrinə təhvil verilmələrinin vacibliyini vurğulayıb.
Qeyd edək ki, iki ölkə arasında qarşılıqlı anlama haqqında Memorandum 2010-cu ilin mayında İranın daxili işlər naziri Mustafa Məhəmməd Nəccarın Bakıya səfəri zamanı imzalanıb.
Onu da əlavə edək ki, iki ildir, İran həbsxanasında saxlanılan azərbaycanlı alim Rəşid Əliyev də avqustun 11-də azadlığa buraxılıb. O bu gün Bakıya gətirilib.