Sübh azanında “əssəlatü xeyrün minən-novm” cümləsi Peyğəmbərin zamanında da deyilirdimi?
“Namaz yuxudan daha xeyirlidir” mənasını verən bu cümlənin nə zamandan sübh azanına əlavə edilməsi barədə rəvayətlər fərqlidir. Bəzi rəvayətlərə görə, hələ Peyğəmbərin sağlığında Bilali-həbəşi, o həzrətin sübh namazına oyanmadığını görəndə bu cümləni azana əlavə etmişdi. Başqa bir rəvayətə görə, Peyğəmbər Hüneyn yürüşündə Əbu Məhzurə adlı səhabəyə azan verməyi tapşıranda bu cümləni də deməyi tapşırmışdı. Daha başqa bir rəvayətə görə, ikinci xəlifə Ömər ibn Xəttabın zamanında bir səhər sübh namazına xəlifə yatıb yuxuya qalır. Müəzzin bu cümləni azana əlavə edir, Ömər bunu eşidəndə xoşlanır və həmin cümlənin sübh azanında deyilməsini əmr edir. Qeyd edək ki, bu rəvayətlərin hamısı əhli-sünnə mənbələrində əks olunub.