Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan İslam Partiyası müsəlman dünyasına qarşı yönəlmiş terror aktları ilə bağlı dəyirmi masa keçirib. Partiyanın sədri Hacıağa Nuri bildirib ki, son zamanlar dünya daha qlobal problemlərlə üz-üzə qalıb və bəşəriyyəti qorxunc təhlükələr təhdid edir. Onun sözlərinə görə, ilahi nizamı pozaraq dünya düzənini dəyişmək və bir qütbdən idarə edilməsinə nail olmaq istəyən böyük dövlətlər çirkin məqsədlərinə çatmaq üçün heç bir qaydalara sığmayan hərəkətlərdən çəkinmirlər: "Məhəmməd peyğəmbərin (s) karikaturalarının dərci müsəlman aləmində böyük səs-küyə səbəb oldu. O zaman biz başa düşdük ki, bunun davamı gələcək və hədəf kimi hansısa müsəlman ölkəsi seçilib. Artıq İraqda baş verənlər barədə hamının məlumatı var. Hesab edirik ki, bu təxribatların arxasında beynəlxalq sionist təşkilatlar, islamın düşmənləri dayanır. İslam dünyasını içindən parçalamaq üçün növbəti hədəf kimi İraqın Samirə şəhəri seçilib.
İraqda xalqın iradəsilə parlament forfmalaşdığı üçün ölkədə təxribatçı qüvvələr sünni-şiə qarşıdurması yaratmağa cəhd göstərirlər. Maraqlıdır ki, partlayışlar baş verməmişdən üç gün əvvəl ABŞ-ın İraqdakı səfirinin bəzi dövlət strukturlarının rəhbərlərinin dəyişdirilməsi ilə bağlı baş nazirə ünvanlanan müraciət cavabsız qalmışdı. Bundan sonrakı hadisələr artıq hamıya məlumdur".
H.Nurinin sözlərinə görə, Məhəmməd peyğəmbərin (s) karikaturalarının dərcilə bağlı Azərbaycan ictimaiyyəti etiraz etsə də, Samirə şəhərində baş verənlərə, nədənsə, soyuq münasibət bəslənilir. Onun fikrincə, cəmiyyət bu hadisəyə də layiqli qiymət verməlidir.