Azərbaycanın Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsini başa vuran Eynulla Mədətli iyulun 28-də bu ölkənin prezidenti Asif Əli Zərdari ilə görüşüb.
Azərbaycanın Pakistandakı səfirliyindən APA-ya verilən məlumata görə, diplomat paytaxt İslamabadda baş vermiş və 150-dən çox insanın ölümü ilə nəticələnən təyyarə qəzası ilə əlaqədar Azərbaycan prezidentinin başsağlığını Pakistan prezidentinə çatdırıb.
Başsağlığı və xoş arzulara görə minnətdarlığını bildirən Pakistan prezidenti ölkələrimizin xoş gündə də, dar gündə də birlikdə olduğunu vurğulayıb. Pakistanda çalışdığı müddətdə Azərbaycan-Pakistan əlaqələrinin daha da inkişaf etməsi üçün səy göstərdiyini vurğulayan səfir ölkəmiz üçün Dağlıq Qarabağ məsələsində Pakistanın indiyə kimi göstərdiyi dəstəyin çox önəmli olduğunu və bundan sonra da davam etməsini arzu etdiyini bildirib. Prezident A. Ə. Zərdari ölkəsinin mövqeyinin prinsipial və dəyişməz olduğunu bəyan edərək, bundan sonra da bu siyasətin davam etdiriləcəyini ifadə edib.
Diplomat prezident İlham Əliyevin adından Pakistan prezidentini Azərbaycana rəsmi səfərə dəvət edib. A. Ə. Zərdari bu dəvəti qəbul etdiyini ifadə edib, Azərbaycana səfər etmək arzusunda olduğunu vurğulayıb. O, E. Mədətliyə ölkələrimizin qarşılıqlı əlaqələrinin inkişafında göstərdiyi səylərə görə təşəkkürünü bildirib, ona yeni təyinatında uğurlar arzulayıb.
Prezidentlə görüşdən əvvəl isə səfir E. Mədətli Pakistanın baş naziri Yusif Rza Gilani, Pakistan Senatının sədri Faruk Naik və digər rəsmi şəxslərlə vida görüşü keçirib.