Küveytdə fəaliyyət göstərən "Zain" telekommunikasiya şirkətinin Azərbaycan Respublikasının işğal altındakı ərazilərində qeyri-qanuni fəaliyyət göstərən "Karabakh-Telecom" adlı mobil operator şirkəti ilə əməkdaşlığı və rouminq razılaşması imzaladığı müəyyənləşdirilib.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlik və Azərbaycanın Küveytdəki səfirliyi tərəfindən müvafiq tədbirlər görülərək Küveyt hökuməti ilə sıx əməkdaşlıq çərçivəsində "Zain" telekommunikasiya şirkəti və "Karabakh-Telecom"un rouminq üzrə əməkdaşlığı dayandırılıb və şirkətin internet səhifəsində düzəliş edilib.
"Zain" şirkəti Yaxın Şərq, Şimali və Mərkəzi Afrikadan olan 23 dövlətdə mobil rabitə və internet xidmətləri yerinə yetirir.